Azərbaycan qadın futbol millisinin baş məşqçisi Siyasət Əsgərov, Portuqaliya ilə oyundan əvvəl düşüncələrini paylaşıb.

Offsideplus.az xəbər verir ki, millimiz Avropa çempionatının pley-off mərhələsində oktyabrın 25-də Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq.

Siyasət Əsgərov AFFA-nın rəsmi saytına verdiyi açıqlamada, bu matçla bağlı gözləntilərini ifadə edib:

"Bu gün Azərbaycan qadın futbolu üçün əhəmiyyətli bir oyun keçiriləcək. A millimiz tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinə yüksəlmək üçün iki rəqibi üstələməliyik. Portuqaliya çox güclü futbolçulardan ibarət bir komandadır; qrup mərhələsindəki oyunları və nəticələri bunu təsdiqləyir. Buna görə də matçda maksimum gücümüzü ortaya qoymalıyıq. İlk dəqiqədən başlayaraq hakimin son fitinə qədər diqqətli olmaq vacibdir, çünki Portuqaliya adi səhvlərdən belə yararlanmağı bacaran bir rəqibdir. İstədiyimiz nəticəni əldə etmək üçün meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq. Qızların uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəyinə inanıram".

Xatırladaq ki, bu gün "Dalğa Arena"da baş tutacaq Azərbaycan və Portuqaliya arasında oyun saat 16:00-da başlayacaq.