Meksika hökuməti futbol üzrə 2026-cı il Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, milyonlarla şagirdi sevindirəcək qeyri-adi bir qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, ölkədə tədris ilinin planlaşdırıldığından 40 gün daha erkən başa çatdırılması qərara alınıb.
Yeni qərara əsasən, məktəblərdə dərslər iyunun 5-də yekunlaşacaq. Beləliklə, uşaqlar üçün yay tətili avqustun 31-nə qədər davam edəcək. Bu isə o deməkdir ki, meksikalı şagirdlər bu il təxminən 3 aylıq uzun bir tətil müddəti qazanacaqlar.
Hökumət bu addımı uşaqların və gənclərin ölkədə keçiriləcek futbol bayramından tam şəkildə zövq ala bilmələri üçün atıb. Meksika, ABŞ və Kanada ilə birlikdə bu möhtəşəm turnirin üç ev sahibindən biridir.
Məktəblərin bağlanması turnir zamanı yaranacaq nəqliyyat sıxlığını azaldacaq.
Şagirdlər milli komandaya və dünya ulduzlarına stadionlardan və ya televiziya qarşısından azad şəkildə dəstək verə biləclər.
Ölkənin paytaxtındakı tarixi "Azteka" stadionu turnirin açılış matçına ev sahibliyi edəcəyi üçün şəhərdə ciddi hərəkətlilik gözlənilir.
Qeyd edək ki, bu qərar bəzi valideyn qrupları tərəfindən təhsil proqramının axsaması qorxusu ilə tənqid olunsa da, ölkənin böyük bir hissəsi futbol ruhunun təhsildən daha öndə gəldiyi bu qərarı sevinclə qarşılayıb.


