"Tottenhem"in ulduz müdafiəçisi Mikki van de Ven bu yay transfer pəncərəsinin ən çox axtarılan adlarından birinə çevrilib.
Offsideplus.az xəbər verir ki, İngiltərə mətbuatının yaydığı son məlumatlara görə, "Liverpul" və "Mançester Yunayted" 25 yaşlı niderlandlı mərkəz müdafiəçisini heyətinə qatmaq üçün ciddi rəqabətə başlayıblar.
Transferin maliyyə tərəfi isə birbaşa "Tottenhem"in Premyer Liqadakı taleyindən asılıdır:
Hazırda turnir cədvəlinin alt sıralarında gərgin günlər keçirən "Spurs"un (Tottenhem) aşağı diviziona düşmə ehtimalı transfer qiymətlərinə birbaşa təsir edəcək.
Əgər "Tottenhem" Premyer Liqanı tərk edərsə, Van de Venin transfer qiymətinin təxminən 60 milyon funt-sterlinq civarında olacağı gözlənilir. Klubun elit divizionda qalacağı təqdirdə isə bu rəqəmin kəskin şəkildə artacağı bildirilir.
Məlumatlara görə, uşaq vaxtından "Liverpul" azarkeşi olan Van de Ven üçün "Enfild" variantı daha cəlbedici görünür. O, burada həmyerlisi Virgil van Dayk ilə birlikdə çıxış etmək şansı qazana bilər.
"Mançester Yunayted" isə yeni baş məşqçisi Maykl Kerrikin rəhbərliyi altında Çempionlar Liqasına vəsiqəni təmin etdiyi üçün futbolçunu daha yüksək səviyyəli turnir vədləri ilə razı salmağa çalışır..


