"Çelsi"nin və İngiltərə millisinin sabiq müdafiəçisi Con Terri jurnalist Pirs Morqanla söhbətində Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, portuqaliyalının 41 yaşında nümayiş etdirdiyi ehtirasa heyran qaldığını bildirib:
"Pirs, bilirsən onunla bağlı ən çox nə xoşuma gəlir? Vurduğu qollardan, hərəkətliliyindən və digər şeylərdən daha çox? 41 yaşında göstərdiyi o ehtiras. Bu gün biz nə ehtirası, nə də mübarizə əzmi olan müasir oyunçulardan danışırdıq.
Sən isə futbolda demək olar ki, hər şeyi - fərdi mükafatları, dünyanın hər yerində çempionluqları qazanmış bir insandan bəhs edirsən. İndi isə o, kameralara tərəf qaçır və hamıya geri döndüyünü deyir. Ronaldu ona qarşı olan tənqidlərdən çox yaxşı xəbərdardır və yəqin ki, bunların haqsız olduğunu düşünür - mən də bununla razıyam, onu qınamaq üçün dəli olmaq lazımdır.
Kriştianu hələ də qol epizodları yaratmağa qadir olan biridir. Bunu oyun boyu [fasiləsiz] gözləyirikmi? Xeyr. Amma əgər Ronalduya bircə şans versəniz, o, bundan mütləq istifadə edəcək".


