Misli Premyer Liqasının VII turunda "Araz-Naxçıvan"ı səfərdə 2:0 hesabı ilə məğlub edən "Kəpəz" yalnız növbəti 3 xalını qazanmadı, həm də cari mövsümdəki gələcək xəttini müəyyənləşdirən vacib siqnallar verdi. Gəncə təmsilçisinin bu qələbəsi həm taktiki, həm də heyət idarəçiliyi baxımından bir neçə diqqətçəkən məqamla yadda qaldı.
İlk səfər zəfəri və hücumda canlanma
Əvvəla, "sarı-göylər" cari mövsümdə ilk səfər qələbəsini rəsmiləşdirdilər. Bununla yanaşı, komandanın hücum xəttindəki məhsuldarlıq dinamikası da diqqətdən yayınmır. Əgər bundan əvvəlki 5 matçın 4-də gəncəlilər hər oyuna cəmi 1 qolla kifayətlənirdilərsə ("Turan Tovuz" 1:0, "Şamaxı" 1:4, "Qəbələ" 1:0, "Sumqayıt" 1:1), Naxçıvandakı 90 dəqiqə ərzində rəqib qapısına iki dəfə yol tapmaq mümkün oldu.
Benitodan 3 illik fasilədən sonra gələn qol
Heyətdəki müsbət dəyişikliklərin başında baş məşqçi Azər Məmmədovun Benito gedişi durur. Bu mövsüm ilk dəfə start heyətində meydan alan nigeriyalı yarımmüdafiəçi etimadı doğruldaraq 31-ci dəqiqədə hesabı açdı. Vaxtilə Kiyev "Dinamo"sunda çıxış etmiş legioner üçün bu qol təxminən 3 illik fasilədən sonra rəsmi matçda gələn ilk uğur idi. Psixoloji gərginliyi üzərindən atan Benito göstərdi ki, sağlam rəqabət şəraitində əvvəlki idman formasını bərpa edib ilk "11-lik"də möhkəmlənməyə qadirdir.
Gənclərə etimad: Sözdən əmələ keçən strategiya
Məmmədovun digər diqqətçəkən addımı prespektivli gənc kadrların əsas komandaya inteqrasiyası ilə bağlıdır. "Araz-Naxçıvan"la matçda Adama Fofanını əvəzləyərək meydan daxil olan Arzu Atakişiyev 2026/27 mövsümündə debütünü reallaşdırdı. Anoloji cəsarətli addımı II turda "Turan Tovuz"la gərgin görüşdə (1:0) 19 yaşlı Şahnur İsmayılova şans verərkən də görmüşdük.
"Heyətimizdə şans verilməyən futbolçu qalmayacaq, gənc və perspektivli oyunçuları daima diqqətdə saxlayırıq" açıqlaması formal xarakter daşımır. Naxçıvandakı mənzərə göstərir ki, "Kəpəz"in gələcək strategiyası məhz təcrübə ilə gəncliyin sintezinə, daxili resursların maksimum dəyərləndirilməsinə söykənəcək".


