Futbol tarixinin ən böyük rəqibləri hesab olunan Leo Messi və Kriştiano Ronaldo arasındakı münasibətlərə Messi tərəfindən aydınlıq gətirilib.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz portuqaliyalı həmkarı ilə illərdir davam edən mübarizəsini "gözəl bir idman rəqabəti" kimi xarakterizə edib.
"Bu, futbol dünyasında çox təbii bir hal idi. Mən "Barselona"da idim, o isə "Real Madrid"də. Həm komanda, həm də fərdi şəkildə hər şey üçün mübarizə aparırdıq, buna görə də insanlar bizi həmişə müqayisə edirdilər.
Münasibətlərimiz hər zaman yaxşı və hörmətli olub. Baş verən hər şey tamamilə idman xarakterli idi, şəxsi heç bir problemimiz olmayıb.
Oyunlar və ya mükafatlandırma mərasimləri istisna olmaqla, tez-tez görüşmürdük, lakin görüşəndə həmişə aramızda yaxşı münasibət olurdu.
İndi hər ikimiz həyatımızın fərqli mərhələlərindəyik, lakin aramızdakı o illər gözəl bir idman rəqabəti kimi yadda qaldı."
Bu açıqlama illərdir davam edən "kim daha yaxşıdır?" mübahisələrinin kölgəsində qalan qarşılıqlı hörməti bir daha nümayiş etdirir.


