Bakıda keçirilən UEFA İnkişaf Turniri Azərbaycanın 16 yaşadək qızlardan ibarət yığması üçün uğursuz startla yadda qalıb.
Offsideplus.az xəbər verir ki, turnir çərçivəsində ilk oyununa çıxan millimiz Litva seçməsini sınağa çəkib. Binə stadionunda baş tutan qarşılaşma qonaqların 4:1 hesablı üstünlüyü ilə başa çatıb. Komandamızın təsəlli qoluna 25-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Xədicə Rəhimova imza atıb.
Paralel keçirilən digər görüşdə isə Rumıniya yığması Gürcüstan komandasından üstün olub - 2:0.
Qeyd edək ki, millimiz turnirdə növbəti oyunlarını mayın 8-də Rumıniyaya, ayın 11-də isə Gürcüstana qarşı keçirəcək.


