FİFA prezidenti Canni İnfantino dünya çempionatının final oyununa olan biletlərin astronomik qiymətləri ilə bağlı tənqidlərə ironik cavab verib.
Offsideplus.az xəbər verir ki, Nyu-Yorkda keçiriləcək final matçı üçün bəzi biletlərin təkrar satış saytlarında 2 milyon dollara təklif olunması azarkeş təşkilatlarının sərt etirazına səbəb olub. Onlar bu qiymət siyasətini "satqınlıq" adlandıraraq Avropa Komissiyasına müraciət ediblər.
İnfantino isə yüksək qiymətlərin tələbdən doğduğunu bildirib:
"Əgər kimsə finala 2 milyon dollara bilet qoyursa, bu, biletin qiymətinin o qədər olması və ya kiminsə onu mütləq alacağı mənasına gəlmir. Amma kimsə həqiqətən biletə 2 milyon dollar versə, o azarkeşin matçdan zövq alması üçün şəxsən özüm ona hot-doq və "Coca-Cola" gətirəcəm".


