"Arsenal" Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "Atletiko Madrid"i 1:0 (ümumi hesab 2:1) hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Offsideplus.az xəbər verir ki, "Emireyts"də keçirilən matçda yeganə qolu Bukayo Saka vurub.
Tarixində ikinci dəfə (20 ildən sonra) turnirin finalına yüksələn "topçular" Budapeştdə keçiriləcək həlledici oyunda PSJ – "Bayern Münhen" cütünün qalibi ilə qarşılaşacaq.
Komandanın baş məşqçisi Mikel Arteta matçdan sonra sevincini bölüşüb:
"Möhtəşəm gecədir. Bu anları azarkeşlərimiz və klubdakı hər kəslə birgə yaşamaq inanılmaz hissdir. Onların bizə verdiyi enerji və ehtiras heyranedici idi. İnsanların simasındakı xoşbəxtliyi və klubla qürur duyduqlarını görmək gördüyümüz işə tam məna qatır".


