Misli Premyer Liqasının gərgin keçən 33 tur və Azərbaycan Kubokunu geridə qoyduq. Hər turdan sonra ənənəvi olaraq keçirilən İntizam Komitəsinin iclaslarında klublar intizamsızlığa görə cərimələnir.
Offsideplus.az ötən mövsümün ən intizamsız klubların siyahısını hazırlayıb.
Siyahının lideri “Neftçi”dir. “Ağ-qaralar” 167000 manat ziyana düşüb. “Neftçi”nin cəriməsinin təxminən 70 faizi - nə az, nə çox 115500 manatı tərəfdarlarına görə olub.
Rəşad Sadıqovun intizamı komandasına da yansıyıb. “Zirə” ötən mövsüm cəmi 12100 manat manat cərimələnib. Bunların bəziləri diqqətsizlikdən, özlərindən aslı olmayan səbəblərdən olub. “Neftçi” ilə son oyuna qədər “Zirə” cəmi 6400 manat cərimələnmişdi. Klub qarşılaşmadan, oyun və ətrafında olanlara görə də 5700 manat cərimələndi.
“Şamaxı”da bu rəqəm 11800-dir. Əslində AFFA-nın verdiyi pulla “ayaqda qalan” klub üçün 10000 də böyük rəqəmdi, 3-5 yerli futbolçunun maaşının cəmidir. Amma yenə də yaxşı qutarıblar.
Klubların cərimələnməyinin sıralaması belədir:
1. Neftçi 167000 manat
2. Qarabağ 152600 manat
3. Sabah 76900 manat
4. Kəpəz 61800 manat
5. Sumqayıt 55800 manat
6. Turan Tovuz 41500 manat
7. Qəbələ 29100 manat
8. Karvan-Yevlax 23800 manat
9. Araz-Naxçıvan 20400 manat
10. İmişli 14800 manat
11. Zirə 12100 manat
12. Şamaxı 11800 manat
Bu mövzu ətrafında futbolçuların və klubların hüquqi prosedurlarında birbaşa iştirak edən Elcan Həsənlinin də fikirlərini öyrəndik. Cəriməyə səbəb olan futbolçu, funksioner, yaxud azarkeşlərə hansısa xəbərdarlıq və ya cəza tədbiq olunub, olunmadığını soruşduq:
“Azarkeşlərə görə yanlız klub cərimələnir. Bəzi ölkələrdə tamaşaçılara da məhdudiyyət qoyulur - qarşılaşma azarkeşsiz keçirilir. Bu praktika hələ ki, AFFA tərəfindən tədbiq olunmur. Klubların cərimələrlə bağlı addım atıb-atmadığını demək çətindir. Məsuliyyət daşıyırlarmı? Bu məqam klubların stratrgiyasından aslıdır. Özlərinin daxili intizam qaydasıdır. Amma edilən cərimələrin məbləği də ağlabatan olmalıdır. Onların əmək haqqılarına yönəldilə bilməz”.
Klublar cərimələri mövsümün sonunda ödəyir, yoxsa turdan-tura?
Elcan Həsənli:
“Cərimələrin ödənilməsi ilə bağlı “deadline” yoxdur”.
Bu məsələ haqda vaxtı ilə İntizam Komitəsində fəaliyyət göstərmiş Ramil Cahangirovun da fikirlərini öyrəndik.
- Bu komitədə işləmiş biri kimi, sizcə, verilən cərimələr şişirdilmiş rəqəmlər deyil?
- Cərimələr İntizam Məcəlləsinə uyğun müəyyən edilir. İntizam Komitəsinin işi faktı müəyyən edib müvafiq maddəni və ora qeyd olunan cəzanı tətbiq etməkdir. Azarkeşi olan klub hər zaman daha çox cərimə riskinə malikdir. Klublar bu vəziyyəti dəyişmək istəyirlərsə, İntizam Məcəlləsinə yenidən baxılması ilə bağlı təşəbbüslə çıxış etməli, daha çevik cərimə mexanizmi ilə bağlı təkliflər verməlidirlər. Bu mürəkkəb işdir. Digər tərəfdən cərimələri azaltmaq, həddindən artıq yumşaltmaq, istisnalar tətbiq etmək də kifayət qədər riskli məsələlərdi və əks-effekt verə bilər.
- Necə əks-effekt?
- Sui-istifadə halları, stadionda müxtəlif iğtişaşların sayının artması və.s.
- Düzdür, azarkeşlər futbolun bəzəyidir. Amma elə klublar var ki, onlara görə böyük cərimələr ödəmək istəmir. Onların stadiona gəlməyinə məhdudiyyət qoymaq variantı düşünülə bilər? Yaxud azarkeşlərlə seminarlar keçirilsin, durum izah olunsun.
- Azarkeşi məhdudlaşdırmağın tərəfdarı deyiləm. Əlbəttə, azarkeşlər arasında müəyyən mövzularda maarifləndirmə vacibdir, məsələn, irqçilik, kütləvi iğtişaş kimi məsələlər ola bilər. Amma azarkeşlərə çoxlu qadağalar tətbiq etmək də çox uğurlu bir yanaşma olmaz.
Maraq üçün qeyd edək ki, AFFA İntizam Komitəsi cari mövsümdə elita klublarını əsas komandaya görə ümumilikdə nə az, nə çox 667600 manat cərimələyib.


