AFFA futbolda analitik təhlillərin genişləndirilməsi və müasir texnologiyaların tətbiqi məqsədilə “Eyeball” platformasının istifadəsinə başlayıb.

Offsideplus.az xəbər verir ki, həm kişi, həm də qadın futbolunu əhatə edən bu layihəyə artıq müxtəlif yaş qrupları üzrə liqalar və Əvəzedicilər Liqası daxil edilib.

Platformanın tamamilə Azərbaycan dilində fəaliyyət göstərməsi planlaşdırılır ki, bu da yerli mütəxəssislər üçün məlumatların təhlilini daha rahat edəcək. İlkin mərhələdə Bakı və Abşeron klublarını əhatə edən sistemə növbəti mövsümdən region klubları da qoşulacaq və bütün ev oyunlarının videoyazıları bura yüklənəcək.

Sistem oyunları avtomatik emal edərək geniş statistik göstəricilər formalaşdırır, istifadəçilərə konkret epizodları analiz etmək imkanı yaradır. Bundan başqa, hər həftə rəmzi komandalar müəyyənləşdiriləcək ki, bu da fərqlənən oyunçuların ön plana çıxmasına xidmət edəcək.

Əsas məqamlardan biri də odur ki, xarici klub skautları bu platforma vasitəsilə azərbaycanlı futbolçuların çıxışlarını izləyə biləcəklər ki, bu da yerli istedadların beynəlxalq səviyyədə tanınması və xaricə transferi üçün mühüm vəsilə olacaq.