"Kəpəz" Peşəkar Futbol Klubu futbolda bərabərlik və inklüzivlik prinsiplərinə sadiq qalaraq növbəti dəfə cəmiyyətin həssas təbəqəsindən olan uşaq və yeniyetmələrlə görüş təşkil edib.
Offsideplus.az xəbər verir ki, "Məktəbim UAFA Gəncə" təşkilatının yetirmələri "Kəpəz" Məşq Mərkəzi və Futbol Akademiyasının qonağı olublar. Tədbirdə klubun rəsmiləri, məşqçilər korpusu və futbolçuları iştirak ediblər.
Qonaqları salamlayan əsas komandanın baş məşqçisi Azər Məmmədov bu görüşdən məmnunluğunu ifadə edib:
"Bugünkü tədbir həyatımın ən yaddaqalan görüşlərindən biridir. Siz cəmiyyətimizin layiqli övladlarısınız. "Kəpəz" klubu olaraq daim yanınızdayıq, sizə diqqət və qayğı göstərmək bizim borcumuzdur. Sizi məmnuniyyətlə ev oyunlarımıza dəvət edirik, tribunalarda görməyə şad olarıq".
"Məktəbim UAFA Gəncə" təşkilatının rəhbəri Rəzalə Abbasova dəvətə görə kluba təşəkkürünü bildirib və bu cür tədbirlərin fiziki və əqli məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb.
Görüş çərçivəsində uşaqlar akademiya və Gəncə şəhər stadionu ilə tanış olub, futbolçularla xatirə şəkilləri çəkdirib və birgə nahar ediblər.


