LeBron Ceymsin hüquqşünasları onun adından icazəsiz istifadə olunduğu üçün məhkəməyə müraciət ediblər. Söhbət süni intellekt əsasında fəaliyyət göstərən və "Bron" adlandırılan mərc tətbiqindən gedir. Tətbiqin yaradıcıları Aniç Gupta və Mark Zoğbi reklam məqsədilə LeBron Ceymsin NBA mərc məlumatlarına baxdığı videonu yayımlayıblar.

Offsideplus.az xəbər verir ki, LeBron Ceymsin vəkilləri tətbiqin fəaliyyətinin dərhal dayandırılmasını, əldə olunan bütün gəlirlərin geri qaytarılmasını və zərərin ödənilməsini tələb edirlər. Onlar həmçinin basketbolçunun obrazından istifadə üçün bazar dəyərində kompensasiya istəyirlər. LeBron Ceymsin nümayəndələri bildiriblər ki, "liqa, oyunçular və azarkeşlər üçün şəffaflıq və etibar son dərəcə vacibdir. NBA oyunçusunun mərc fəaliyyəti ilə bağlı hər hansı istinadın reklam məqsədilə istifadə olunması ciddi qayda pozuntusudur".