LeBron Ceyms basketbol karyerasının formalaşmasında Maykl Cordanın təsirindən söz açıb. O, məktəb illərində Cordanın atış tərzini təqlid etdiyini və bunun nəticəsində bəzi yanlış vərdişlər qazandığını bildirib.
Offsideplus.az xəbər verir ki, LeBron Ceyms bu barədə Stiv Neşlə söhbətində danışıb: "Mənim atış hekayəm Maykl Cordanı izləməklə başladı. Onun meydançadakı koordinasiyasını tam anlamırdım. Sadəcə, onun geriyə əyilərək etdiyi atışları görürdüm və təbii atletikliyimə güvənərək həmin hərəkətləri təkrarlamağa başladım. Məktəbdə də bu atışları edirdim və top səbətə düşürdü. Amma Cordanın oyununun bütün incəliklərini görmürdüm, balansı başa düşmürdüm. O, illərlə bu üzərində çalışmışdı, mən isə sadəcə nəticəni təkrarlayırdım".
Stiv Neşin "Yəni, həmişə geriyə əyilərək atırsan? Hətta açıq vəziyyətdə olsan belə, Cordanın atışını edirsən?" sualına LeBron belə cavab verib: "Bəli, bu, hələ də atışımda hiss olunur. Topu atanda dərhal geriyə əyilirəm. Bu, Cordanla aramda olan bir bağdır".


