İngiltərənin "Liverpul" klubu baş məşqçisi Arne Slotun göstərdiyi nəticələrdən və komandanın inkişafından məmnun qalaraq, onunla uzunmüddətli yeni müqavilə imzalamağa qərar verib.
Offsideplus.az xəbər verir ki, Britaniya mətbuatının yaydığı son məlumatlara görə, Mersisayd təmsilçisi niderlandlı mütəxəssisə 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edəcək. Bu addım klub rəhbərliyinin Slota olan tam etimadının və onun rəhbərliyi altında qurulan uzunmüddətli layihəyə sadiqliyinin göstəricisidir.
Yurgen Kloppun gedişindən sonra komandanın sükanı arxasına keçən Arne Slot qısa müddətdə "Enfild"də öz oyun fəlsəfəsini oturtmağı bacarıb. Xüsusilə komandadakı keçid dövrünü sancısız idarə etməsi və gənc oyunçuların inkişafına verdiyi töhfə rəhbərliyin diqqətindən qaçmayıb.
Hazırda tərəflər arasında danışıqların ilkin mərhələdə olduğu bildirilir.


