Braziliyalı UFC ulduzu Aleks Pereyra karyerasında əsas hədəfinin üçüncü çəki dərəcəsində çempionluq kəmərini qazanmaq olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli döyüşçü "UFC Belgrade" turniri çərçivəsində azarkeşlərlə görüşdə 2027-ci ildə ağır çəkidə titul matçına çıxmaq istədiyini vurğulayıb:
"Karyeramdan razıyam, amma hələ bir missiyam qalıb. Üçüncü kəməri qazanmaq istəyirəm. Hədəfimə köklənəndə həmişə nail oluram və növbəti şansı boşa verməyəcəyəm".
Siril Qan ilə ağır döyüşdən sonra hələ tam bərpa olunmadığını deyən Pereyra noyabrda "Madison Square Garden"da təşkil olunacaq turnirdə oktaqona çıxmaq arzusunu gizlətməyib. O, həmçinin Qan ilə görüşdə hakim Herb Dinin bəzi səhvlərə yol verdiyini, lakin bunu "soyğunçuluq" kimi dəyərləndirmədiyini qeyd edib.
Titul döyüşlərindəki yenilgilərindən danışan braziliyalı idmançı məğlubiyyəti idmanın bir hissəsi kimi qəbul etməyin onu daha da gücləndirdiyini bildirib.


