-
Bakıda keçirilən güləş üzrə U-17 Dünya Çempionatı sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, "Milli Gimnastika Arenası"nda təşkil olunan yarışın 6-cı günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar. 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində keçirilən görüşlərdə Azərbaycan pəhləvanları da xalça üzərinə çıxıblar.
Günün ən uğurlu nəticəsinə İbrahim Həsənov (51 kq) imza atıb. Startda gürcüstanlı Giorgi Narimanidzeni (4:2), 1/4 finalda isə hindistanlı Qovind Qovindi (10:3) üstələyən təmsilçimiz yarımfinalda rusiyalı İslam Kuraxmayevə də şans tanımayıb (10:6). İ.Həsənov sabah keçiriləcək final qarşılaşmasında iranlı Benyamin Mayvanla qızıl medal uğrunda üz-üzə gələcək.
Digər güləşçilərimiz üçün isə yarış günü uğursuz alınıb:
-
Tunar Həsənov (45 kq) — Bolqarıstan təmsilçisi Radoslav Velikovu (4:1) keçsə də, 1/4 finalda gürcüstanlı Luka Dotiaşviliyə minimal fərqlə (4:5) uduzub.
-
Hüseyn Rzazadə (48 kq) — Təsəlliverici görüşdə hindistanlı Amirali Faza (9:6) qalib gəlsə də, növbəti matçda amerikalı Kuper Coşua Deputiyə (1:12) məğlub olub.
-
Elcan Həsənov (60 kq) polşalı Vitold Pavlikə, Tunar Quliyev (71 kq) isə qazaxıstanlı Adilet Rısbaya (2:3) yenilib.
-
Elgün Kərimli (92 kq) hindistanlı Sakşam Fnu ilə dramatik keçən görüşdə sonuncu xal prinsipinə əsasən (5:5) xalçanı məyus tərk edib.
-


