"Real Madrid"in sabiq baş məşqçisi Xorxe Valdano "Barselona"nın gənc cinah oyunçusu Lamin Yamalın 2026-cı ildə "Qızıl top"u qazanmağa layiq olduğunu deməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, bu barədə fikirlərini belə ifadə edib:
"Maraqlıdır ki, Lamine Yamalın sözləri müxtəlif müzakirələrə səbəb oldu. Onun cəsarəti çox vaxt həddindən artıq eqo kimi qiymətləndirildi, halbuki müsahibədə o, eqonun nə zaman faydalı, nə zaman zərərli olduğunu açıq şəkildə izah edir. Ola bilsin, problem qeyri-adi bir şəxsiyyəti adi meyarlarla dəyərləndirməyə çalışmaqda gizlənir. Böyük futbolçular üçün özünəinam sadəcə xarakter xüsusiyyəti deyil, topa zərbə texnikası qədər vacib olan iş alətidir. Lamine fenomenal oyunçudur. Yalnız Peləyə nisbətən bu qədər qısa müddətdə bu qədər hadisə yaşamaq nəsib olub: titullar, şöhrət, pul... Bunların hər biri daxilən mürəkkəb düşüncə prosesi tələb edir. Xaricdən isə onun hər bir sözü diqqətlə təhlil olunur və bu, həmişə xoş niyyətlə olmur. Əsas çətinlik ondadır ki, o, şəxsiyyətini formalaşdırdığı vaxt milyonlarla insan onun haqqında hökm verməyə çalışır.
Düşünürəm ki, bütün dövrlərin ən böyük oyunçularında olduğu kimi, Lamine Yamalda da parlaq karyeranın başlanğıcını göstərən iki qalxan var. Birincisi futbola sevgi, ikincisi isə ambisiyadır. Ambisiya bəzən təkəbbür kimi görünə bilər, amma böyüklüyə can atan hər kəs üçün vacib yanacaqdır. Nyu-Yorkda gömrükdən keçərkən Oskar Uayld "öz dahiliyindən başqa heç nə bəyan edəcək bir şeyi olmadığını" demişdi. Biz bunu onda heyranlıqla qarşılayırıq, amma Lamine Yamalda qınayırıq. Messi onu körpə ikən çimizdirib, 15 yaşında isə o, "Barselona"nın əsas heyətində böyüklərə qarşı oynayıb. Birincisi onun taleyin seçilmişi olduğunu göstərir, ikincisi isə fenomenal erkən yetkinliyin nümunəsidir. Mən həmişə belə vunderkindlərə ciddi yanaşmışam. Onların müsahibələri həmişə güclü təəssürat yaradır. Mənim qənaətim budur: bu, ağıllı gəncdir və onun gələcəyi üçün narahat olmağa dəyməz. Təəccüblüdür ki, o, 19 yaşına qədər bu qədər uğura imza atıb, amma kim olduğunu dərk etməyi itirməyib. O, sadəcə həqiqəti dedi. Maraqlıdır ki, biz bunu səhv kimi qəbul etdik."


