Azərbaycanın tanınmış basketbolçularından Zaur Paşayev U-18 oğlanlardan ibarət milli komandanın FIBA Avropa çempionatındakı çıxışını qiymətləndirib.

Offsideplus.az-a açıqlamasında o, gənc basketbolçuların turnirdə əzmkar oyun nümayiş etdirdiyini bildirib:

 "18 yaşlı uşaqlarımız çox gözəl oynadılar. Bəzi matçlarda son saniyəyə qədər mübarizə apardılar. Hətta son anda uzaq məsafədən dəqiq atış edib oyunu əlavə vaxta daşıdılar. Bəlkə də, uzatmalarda gücləri çatmadı, amma gələcəkdə daha yaxşı olacaqlar".

Paşayev son illərdə Azərbaycan basketbolunda ciddi inkişafın müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə müxtəlif yaş qrupları üzrə çempionatların müntəzəm keçirilməsi gənc oyunçuların inkişafına böyük töhfə verir:

"Artıq 3 ildir Azərbaycanda basketbol yüksək səviyyədə inkişaf edir. 12, 13, 14, 16 və 18 yaş qruplarında çempionatlar ilboyu keçirilir. Uşaqlar da oynaya-oynaya inkişaf edirlər. İndi onlar üçün beynəlxalq oyunlara çıxmaq daha rahatdır".

Keçmiş milli üzvü qeyd edib ki, bir çox gənc basketbolçular artıq "Sabah", "Abşeron", "Gəncə" kimi klublarda legionerlər və təcrübəli yerli basketbolçularla birlikdə çıxış edirlər ki, bu da onların səviyyəsinin yüksəlməsində mühüm rol oynayır.

Sonda Paşayev Azərbaycan Basketbol Federasiyasının fəaliyyətini də yüksək qiymətləndirərək, yaxın illərdə daha uğurlu nəticələrin əldə olunacağına inandığını bildirib:

"Yeni federasiya son 3 ildə böyük işlər görüb. Emin Əmrullayev basketbolun inkişafı üçün əlindən gələni edir. İnanıram ki, bir-iki ildən sonra bunun nəticələrini daha aydın görəcəyik və Azərbaycan basketbolu daha böyük uğurlar qazanacaq".