Bakıda Zəfərin 6-cı ildönümü münasibətilə "Qürurla irəli" şüarı altında ənənəvi "Qələbə qaçışı" keçirilib.
Offsideplus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutan xeyriyyə yarışına 2000-dən çox şəxs qatılıb ki, bu da 2021-ci ildən bəri rekord göstəricidir.
İştirakçılar Dənizkənarı Milli Parkda 10 kilometrlik məsafəni qət ediblər. Vətən müharibəsi şəhidlərinin övladları fəxri iştirakçı kimi finiş xəttində idmançıları qarşılayaraq onlara medalları təqdim ediblər.
Kişilər arasında Bəxtiyar Əsgərli, qadınlarda isə Anna Yusupova birinci yeri tutublar. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov ilə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
Qeyd edək ki, qeydiyyatdan əldə edilən bütün vəsait "YAŞAT" Fonduna ianə olunacaq. Qaçışdan sonra təşkil olunan konsert proqramında xalq artisti Röya, müğənnilər Murad Arif və Mərdan çıxış ediblər.


