Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanı təmsil edən Arseniy Djioyev (86 kq) gümüş medal qazanıb.
Offsideplus.az xəbər verir ki, finalda ABŞ təmsilçisi Kayl Deykə uduzan idmançı qarşılaşmadan sonra təəssüratlarını bölüşüb.
Millimizin üzvü qızıl medal qazana bilməsə də, gələcək yarışlara optimizmlə yanaşdığını bildirib:
"Çox sağ olun, təbriklər üçün təşəkkür edirəm. Çox istəsəm də, Azərbaycan bayrağının ən yüksəkdə dalğalanmasını arzulasam də, qızıl medala yiyələnə bilmədim. Lakin hələ zamanımız var və doğru istiqamətdə irəliləyirik, inkişaf var. Bu, yalnız başlanğıcdır. Növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsində dayanmağa çalışacam".
Djioyev final görüşündəki məğlubiyyəti və göstərilən dəstəyi də vurğulayıb:
"Güləşdə öncədən prognoz vermək çox çətindir. Ola bilsin ki, rəqibim bu dəfə əvvəlkindən daha yaxşı hazırlaşmışdı, yaxud mən səhvlərə yol verdim. Hələ bu barədə düşünməyə vaxtım olmayıb, məşqçilər korpusu ilə matçı analiz edib doğru nəticələr çıxaracağıq. Fürsətdən istifadə edərək Azərbaycana, Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə yaradılan ideal şəraitə, məşqçilərimizə isə çəkdikləri əziyyətə görə minnətdarlığımı bildirirəm. Məncə, bizdən daha yaxşı şəraiti olan ikinci komanda tapmaq çətindir. Yaşasın Azərbaycan!"


