Portuqaliyalı baş məşqçi Joze Mourinyo illər keçdikcə tənqidə daha sakit yanaşdığını bildirib.

Offsideplus.az xəbər verir ki, "Real Madrid"in çalışdırıcısı öz fikirlərini belə ifadə edib: "İllər ötdükcə daha təmkinli olmuşam. Artıq başqalarının nə dediyi mənim üçün önəmli deyil. Tənqid məni narahat etmir. Kiminsə mənim haqqımda danışması və ya "Barselona"da köməkçi olduğum illərdə etdiklərim barədə söylədikləri mənim üçün əhəmiyyət daşımır. Hələ də düşünürəm ki, "Barselona"nın uğurlarında əsas pay oyunçulara məxsusdur. Oyundan sonra komandama kömək etdiyimi hiss edirəmsə, bu, mənim üçün böyük məmnunluqdur. Hər şey balansdadır. Nə daha cəsarətli, nə də daha ehtiyatlı olmuşam. "Real Madrid"də ilk dönəmdə tətbiq etdiyimiz müdafiə strategiyası bizə 100 xal toplamağa və təxminən 120 qol vurmağa imkan verdi. Bu mövsüm də çox xal toplamaq və çox qol vurmaq istəyirəm. Mənim fərqim ondadır ki, inadkar deyiləm. Öyrənməyə, gördüklərimdən, eşitdiklərimdən və müzakirələrdən nəticə çıxarmağa hazıram. Bəzən sadəcə dinləmək kifayət etmir – oyunçuların nə qədər əziyyət çəkdiyini həqiqətən hiss etmək lazımdır. Mən sakit insanam və bu sakitliyi komandamda da görmək istəyirəm".