İngiltərəli yarımmüdafiəçi Cek Qrilişin intizamsızlıq səbəbindən "Everton"un oyun heyətindən kənarlaşdırılması ilə bağlı yeni detallar məlum olub.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"dən icarəyə götürülən futbolçu İngiltərə Liqa Kubokunun bazar günü keçirilən "Nyukasl"la qarşılaşmasının (3:1) iştirak ərizəsinə daxil edilməyib. Buna səbəb Qrilişin klubun intizam qaydalarını pozması olub. Bildirilir ki, o, məşqi icazəsiz buraxıb.
Mənbənin məlumatına görə, ötən həftənin bazar ertəsi Cek Qriliş Londonda keçirilən Pride of Britain mükafatlandırma mərasimində iştirak edib, daha sonra dostları ilə birlikdə karaoke klubuna gedib və orada səhərə qədər qalıb. Qriliş ertəsi gün "Everton"un məşqində iştirak etsə də, həmin axşam onu Liverpulda yerləşən Mucky Pup adlı irland barında görüblər. Onunla birgə "Everton"dan qapıçı Jordan Pikford və Tayler Diblinq, eləcə də "Bernli"nin müdafiəçisi Kayl Uoker də olub. Şahidlərin sözlərinə görə, onlar barın arxa hissəsində "PSJ"–"Barselona" oyununa baxıblar və əhval-ruhiyyələri yüksək olub, içki qəbul ediblər. Mənbələr bildirir ki, Cek və "Everton"dakı komanda yoldaşlarına çərşənbə günü istirahət verilib.


