Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, yarışın səkkizinci günündə sərbəst güləş üzrə 57, 74, 79 və 92 kq-da mübarizəyə start verilib.
İslam Bazarqanov (57 kq) yarımfinala qədər keçirdiyi bütün görüşləri vaxtından əvvəl qələbəylə başa vurub. O, hindistanlı Rahul Rahul (10:0), isveçrəli Tomas Epp (10:0) və yaponiyalı Yamato Oqavaya (12:2) tam üstünlüklə qalib gəlib. Finala gedən yolda Bazarqanovun rəqibi amerikalı olimpiya mükafatçısı Spenser Li olub. Görüşün ikinci hissəsində hesabda 10:3 önə keçən güləşçimiz rəqibin əks-fəndiylə üzləşərək “tuş”la məğlub olub. İslam sabah bürünc medal uğrunda güləşəcək.
Turan Bayramov (74 kq) gürcüstanlı Giorgi Elbakidzeni minimal fərqlə üstələyib – 2:1. Ancaq 1/8 finalda qazaxıstanlı Nurkoja Kaypanova 0:4 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Bayramov sabah təsəlliverici görüşə çıxacaq.
Yarışa 1/8 finaldan qoşulan Cəbrayıl Hacıyev (79 kq) iordaniyalı Erzo İsakov (11:0) və türkiyəli Okan Tahtacını (9:3) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Hacıyev həlledici görüşdə Asiya Oyunlarının qalibi, dünya çempionatının mükafatçısı, iranlı Mohammad Noxodilarimiylə üz-üzə gəlib. Rəqibinə 5:9 hesabıyla məğlub olan Cəbrayıl sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Ali Tsokayev (92 kq) debütdə Şimali Makedoniya təmsilçisi Recep Haydariyə heç bir şans tanımayıb – 10:0. Ancaq 1/4 finalda amerikalı dünya çempionu Trent Hidleyə 1:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ali sabah təsəlliverici görüşdə mübarizəsini davam etdirəcək.


