"Oyun bizim üçün yaxşı başlamadı".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Araz-Naxçıvan"la heç-heçə etdikləri matç (2:2) haqqlnda fikirlərini bölüşüb:

"Matçın başlanğıcda çoxsaylı top itkisinə yol verdik. Müdafiədə etdiyimiz səhvdən yararlanan rəqib qol vurdu. Bundan sonra oyunda üstünlüyü ələ aldıq, fasiləyədək bir neçə təhlükəli hücum qurduq. Təəssüf ki, bu epizodları qolla tamamlaya bilmədik.

İkinci hissəyə də yaxşı başladıq, lakin həmin dəqiqələrdə ikinci qolu buraxdıq. Bundan sonra hesabı dəyişmək daha da çətinləşdi. Buna baxmayaraq, üç gün əvvəl 120 dəqiqə oynamış futbolçularımız böyük xarakter göstərdilər.

Qələbə qazanmaq istəyirdik, amma rəqibin də gücünü nəzərə almaq lazımdır. Heyətlərində təcrübəli futbolçular var və son turlarda da inamlı çıxış edirdilər. Futbolçularıma təşəkkür edirəm. Bu gedişatda bir xal da bizim üçün önəmlidir".