Azərbaycan Premyer Liqasında mübarizə aparan "Kəpəz" klubunun baş məşqçisi Azər Məmmədov son oyun və komandanın ümumi çıxışı barədə mətbuat konfransında açıqlamalar verib. Mütəxəssis çətin rəqibə qarşı vacib qələbə qazandıqlarını bildirib.
Baş məşqçi son iki oyunda qələbə qazanan komandaya qarşı matçın çətin keçəcəyini düşündüklərini, lakin futbolçuların və azarkeşlərin dəstəyi ilə istədikləri nəticəni əldə etdiklərini qeyd edib. Azər Məmmədov bildirib:
"Həqiqətən də axır iki oyunu qələbə qazanan bir komandaya qarşı oynayırdıq. Və düşünürdük, düşünürdük ki, çətin olacaq bizim üçün."
O, komandada hər oyundan-oyuna inkişaf olduğunu vurğulayaraq əlavə edib:
"Komandamız hər oyundan-oyuna hiss olunur ki, inkişaf var."
Son oyunlarda komandanın sırf mərkəz hücumçusu olmadan oynamasına aydınlıq gətirən baş məşqçi bunun səbəbini əsas oyunçuların zədəli olması ilə əlaqələndirib. Kalunqa və Namiq Ələsgərovun zədə səbəbindən qorunduqlarını deyən A. Məmmədov qeyd edib ki, onların sağlamlığı komanda üçün çox önəmlidir. Kalunqanın zədədən yeni qayıtdığını xatırladan baş məşqçi bildirib:
"Biz bu, hər bu iki oyunda sırf forvartsız oynamağımızın səbəbi odur ki, bizim Kalunqa zədəli idi... Düşündüm ki, onun bir bu günləri meydançada hazır olan bir vaxtı var, o qədər vaxt verək ki, o qədər bizə çıxsın köməkli eləsin."
Hücumçusuz oynamağa məcbur qalsalar da, iki oyuna üç qol vurmağın futbolçuların böyük əməyi olduğunu diqqətə çatdıran baş məşqçi oyunçulara hər zaman inam və güvən verdiyini vurğulayıb:
"Mən sadəcə onu demək istəyirdim bir məşqdə çəkdikləri əziyyətin bəhrəsidir, bir də mən onlara rahatçılıq vermişəm, mən onlara özlərinə inam və özlərinə güvən vermişəm."
İlk dəfə sarı kart alan baş məşqçi emosiyalarından danışdı
Matç zamanı yaşadıgı həyəcanlı və emosional anlara da toxunan Azər Məmmədov karyerasında ilk dəfə sarı kart almasına təəssüfləndiyini bildirib:
"Bilirsiniz də mən sarı kart aldım, çox təəssüflənirəm sarı kart almağıma, çünki mən düşünürəm ki, mən futbol oynayanda tək-tük hallarda qısa kart alırdım, ancaq məşqçi kimi birinci sarı kartım idi."


