Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)  ilə “Misli” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.


Müqaviləyə əsasən, “Azərlotereya”nın “Misli” brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq. 

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev tədbirdə çıxış edərək “Misli”nin Azərbaycan futbol ailəsinin yaxın dostu olduğunu bildirib. O, “Misli” rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə təşəkkür edib. 

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuşda Azərbaycan futboluna dəstək olmaqdan böyük məmnunluq duyduqlarını vurğulayıb. O, “Misli”nin ölkədə aparılan idman siyasətinə, xüsusən də dünyada ən çox sevilən idman növlərindən olan futbolun inkişafına hər zaman dəstək olduğunu bildirərək əməkdaşlığın uğurlu olacağına inamını ifadə edib.

Qeyd edək ki, “Misli” həm də son iki mövsümdür ki, Azərbaycan Premyer Liqasının əsas sponsorudur və çempionat Misli Premyer Liqası adlanır.