İyunun 27-də Bakıda keçiriləcək UFC Döyüş Gecəsində Erik Nolan ilə üz-üzə gələcək Fərman Həsənov media önünə çıxaraq jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az həmin müsahibəni nəzərinizə çatdırır:

– Döyüşə hazırlıqlar necə gedir?

– Hər şey qaydasındadır. Son üç həftəni də Bakıda hazırlıq keçməyi planlaşdırırıq. Bir sözlə, hər şey yaxşı gedir.

– İlk dəfə UFC-də iştirak edəcəyinizi eşidəndə hansı hissləri keçirdiniz?

– Çox gözəl hisslər idi. Artıq mart ayının sonundan etibarən Amerikada təlim-məşq toplanışındayam. Döyüş gözləyirdim. Ona görə də bu həm sürpriz oldu, həm də gözlədiyim hadisə idi. Buna hazır idim. Özümü yaxşı hiss edirəm və inanıram ki, Bakıda hər şey yaxşı olacaq.

- Bakıda küncdə kim olacaq?

– İbrahim və Heydər Məhəmmədəli qardaşları mənim müəllimlərimdir. Mən Məhəmmədliyev Döyüş Klubunda məşq edirəm. Bakıda da küncümdə onlar olacaq.

– Hazırda 30 yaşınız var və UFC-də çıxış edən ən gənc azərbaycanlı döyüşçüsünüz. Gələcək planlarınız nələrdir?

– Məqsədim Azərbaycan bayrağını daha yüksəklərdə dalğalandırmaqdır. Ölkəmizi UFC-də layiqincə təmsil etmək istəyirəm.

– Rəqibiniz UFC-də dörd dəfə məğlub olub. Ona beşinci məğlubiyyəti yaşatmaq istəyirsinizmi?

– Yaşatmaq istəmirəm, yaşadacağam.

– UFC turnirinin Bakıda keçirilməsini necə qiymətləndirirsiniz?

– Bu, idmançıların inkişafı üçün çox önəmlidir. Xüsusilə də UFC-nin Azərbaycanda keçirilməsi ölkədə MMA-nın inkişafı üçün mühüm addımdır. 2028-ci ilə qədər bu tədbirin Azərbaycanda keçiriləcəyi planlaşdırılır. Ümid edirəm ki, ildən-ilə UFC-də azərbaycanlı idmançıların sayı artacaq.

– Azərbaycanlı döyüşçülərdən bu prosesdə sizə kimlər dəstək olur?

– Tez-tez Tofiq Musayevlə danışırıq. Mart ayında baş tutan döyüşündə mən də orada idim. Biz bir komandayıq. Daim Bakı ilə əlaqədəyəm. Müəllimlərim və Tofiq mənə məsləhətlər verir.

– Nə vaxtsa Bakıda UFC döyüşünə çıxacağınızı düşünmüşdünüz?

– Düzü, Bakıda döyüşəcəyimi heç düşünməmişdim. Onsuz da əsas məqsədimiz UFC-yə çıxmaq idi. Amma ötən il turnirin Bakıda keçiriləcəyi açıqlanandan sonra bu fikir ağlıma gəldi.

– Bu döyüşdə ən çox hansı fəndinizə güvənirsiniz?

– Fikrimcə, bu, güləş ola bilər.

– Azarkeşlərə nə demək istəyərdiniz?

– Artıq indidən həmyerlilərimizin dəstəyini hiss edirəm. Daha çox sosial şəbəkələrdə yazılan rəyləri oxuyuram. Hər kəsə minnətdaram. İstəyirəm ki, dəstəklərini əsirgəməsinlər. UFC Bakıda olacaq. İndidən bütün auditoriyaya təşəkkür edirəm.

Qeyd edək ki, Bakıda ikinci dəfə təşkil olunacaq UFC Fight Night turniri yerli və region ölkələrinin MMA azarkeşləri üçün ilin ən yaddaqalan idman hadisələrindən biri olacaq. UFC FIGHT NIGHT: FIZIEV vs TORRES tədbirinin biletləri 15 may, cümə günü saat 10:00-dan etibarən iTicket üzərindən satışdadır.