“Real Madrid”in braziliyalı müdafiəçisi Eder Militaonun Madrid şəhərinin La Moraleja rayonunda yerləşən villası “El Klasiko” qarşılaşması gedən saatlarda soyğuna məruz qalıb.  

​Offsideplus.az xəbər verir ki, ​azı iki nəfərdən ibarət soyğunçu dəstəsi oyun vaxtı üçünçü mərtəbədəki hamam pəncərəsindən evə gizlicə daxil olub. Həmin vaxt Militaonun ailə üzvləri birinci mərtəbədə matçı izlədikləri üçün yuxarıda baş verənlərdən tamamilə xəbərsiz olublar.  

​Oğrular Militaonun yataq otağını alt-üst edərək təxminən 170 min avroluq “Richard Mille” və 53 min avroluq “Rolex” saatlarını, “Chanel” brendinə aid çantaları, eləcə də “Cartier” qızıl-zinət əşyalarını aparıblar. Ümumi dəymiş ziyanın 350 min avrodan çox olduğu bildirilir.  

​Oyundan sonra evə qayıdan Militao hadisəni öyrəndikdən sonra polisə müraciət edib. Madrid polisi və qəsəbənin özəl mühafizə xidməti faktla bağlı genişmiqyaslı istintaq başlatıb.