“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq klubdakı fəaliyyəti, Kriştiano Ronaldo ilə münasibətləri və ulduz futbolçunun son illərdəki çıxışı barədə diqqətçəkən sitatlarla dolu açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis Ronaldunun səviyyəsi və “Real Madrid”in transfer siyasəti haqqında tənqidi fikirlər səsləndirib.

Ronaldunun performansı barədə:

“Reallıq budur ki, son 7-8 il ərzində o, artıq əvvəlki kimi nəticə verə bilmir. “Yuventus”dan sonrakı dövrdə hər şey sadəcə bitmişdi."

“Real Madrid”in uğurlu siyasəti:

“Və bu, əslində “Real Madrid”in böyük gücüdür. Onlar həmişə oyunçularla nə vaxt vidalaşmağı bilirlər. “Real Madrid” bir oyunçunun səviyyəsinin aşağı düşdüyünü başa düşür və xarici aləm üçün onların hələ də zirvədə göründüyü bir vaxtda, hər şey ağrılı hal almamışdan əvvəl onlarla yollarını ayırırlar.”

Komandaya gəliş və gözləntilər:

“Mən “Mançester Yunayted”də işə başlayanda Ronaldoya necə oynayacağımızı, onun rolunun nə olacağını, ondan nə gözlədiyimi və mənimlə komandadan nə gözləyə biləcəyini izah etdim.”

Fiziki hazırlıq barədə:

“Amma nəticədə sən özün də nəticə göstərməlisən. Az əvvəl dediyim kimi, o, artıq özünü məcbur edib ağrıların öhdəsindən gəlməyə, hər gün hər şeyi verməyə və fit olmaq üçün məşqlərdə maksimum səviyyədə çalışamağa güc tapa bilmirdi. Və əgər sən Premyer Liqada, Çempionlar Liqasında və ya Portuqaliya milli komandasında fiziki cəhətdən formada deyilsənsə, onda sənin sadəcə heç bir şansın yoxdur.”