Transfer bazarında son illərin ən böyük iddialarından biri reallaşdı.
Offsideplus.az xəbər verir ki, "Barselona" bir müddət əvvəl onları "müflis" adlandıran "Bavariya"nın fəxri prezidenti Uli Hönessin sözlərinə meydanda və transfer masasında cavab verərək böyük bir qisas əməliyyatına imza atdı.
Münhen təmsilçisinin transfer siyahısında 1 nömrəli hədəf olan "Nyukasl Yunayted"in ingilis ulduzu Entoni Qordon "Bavariya"nın cəlbedici təklifini geri çevirərək "Barselona"ya keçməyə qərar verdi. Kataloniya klubu bu gedişlə həm heyətini gücləndirdi, həm də maliyyə cəhətdən artıq zəif olmadıqlarını bütün dünyaya nümayiş etdirdi.
Keçmişdə Harri Keynin transferi ilə bağlı çıxan şayiələrdən sonra "Bavariya"nın fəxri prezidenti Uli Höness, "Barselona"nın iqtisadi böhranına toxunaraq onlar haqqında "beş qəpiksiz" ifadəsini işlətmişdi. Bu sözləri unutmayan "Barselona" rəhbərliyi alman nəhənginin aylardır arxasınca qaçdığı Entoni Qordonu rəqibinin əlindən alaraq ən böyük cavabı verdi.
Hansi Flikin rəhbərlik etdiyi "Barselona" 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün "Nyukasl Yunayted" ilə 70 milyon avro qarşılığında razılıq əldə edib. Müqavilədə, həmçinin, 10 milyon avroluq bonuslar da yer alır.
İngiltərə millisinin də formasını geyinən ulduz futbolçu tibbi müayinədən keçmək və rəsmi müqaviləyə qol çəkmək üçün artıq İspaniyaya yollanıb.



