"Real Madrid" klubunun prezidentliyinə namizədliyini rəsmən irəli sürən iş adamı Enrike Rikelme seçki öncəsi verdiyi bəyanatlarla İspaniya futbolunda böyük səs-küyə səbəb olub.
Offsideplus.az xəbər verir ki, hazırkı prezident Florentino Peresin ən ciddi rəqibi hesab olunan Rikelme klubun həm idman, həm də idarəçilik siyasətini sərt şəkildə tənqid edib.
Prezidentliyə namizədin xəbər gündəmini sarsıdan əsas açıqlamaları:
"Mənim artıq tam razılıq əldə etdiyim iki superulduz futbolçu var, onların adlarını yaxın günlərdə açıqlayacam. Eyni zamanda, layihəmizin başında duracaq idman direktorunu da müəyyənləşdirmişəm, onun da kimliyi yaxın günlərdə bəlli olacaq.
Xabi Alonsonu vəzifəsindən kənarlaşdırmaq tamamilə yanlış addım idi. Bir baş məşqçidən cəmi üç ay ərzində necə böyük bir layihə inşa etməsini gözləmək olar? Joze Mourinyo böyük məşqçidir, lakin bizim gələcək planlarımızda o yer almır. Çünki "Real Madrid"ə qısamüddətli xilas yolları deyil, gələcəyə yönəlmiş uzunmüddətli layihə lazımdır. Orta və uzunmüddətli strategiya ilə komandanın rotasını tamamilə dəyişməliyik. Mən nə mourinyoçuyam, nə də anti-mourinyoçuyam, mən sadəcə madridistayam.
İspaniya millisində bircə dənə də olsun "Real Madrid" oyunçusunun yer almaması çox üzücüdür. Bu bərbad vəziyyət illərdir davam edən qeyri-peşəkar idarəçiliyin acı nəticəsidir. Futbolla bağlı qərarlar futbol idarəçiliyindən anlayan insanlar tərəfindən deyil, plazalarda, şüşəli ofislərdə alınanda tam olaraq bu hadisə yaşanır."


