"Barselona"nın ulduz futbolçusunun klubdakı gələcəyi sual altına düşüb.
Offsideplus.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq klubdakı gələcəyi ilə bağlı ciddi narahatlıq keçirməyə başlayıb. 29 yaşlı futbolçu baş məşqçi Hansi Flikin rəhbərliyi altında komandadakı rolundan məmnun deyil.
De Yonqun əsas qorxusu alman mütəxəssisin ona olan etibarını tamamilə itirməsi ilə bağlıdır. Xüsusilə son dövrlərdə zədədən qayıtdıqdan sonra əsas heyətdəki yerini bərpa etməkdə çətinlik çəkən təcrübəli futbolçu, Flikin taktiki planlarında ikinci plana düşdüyünü düşünür.
Mənbələr bildirir ki, niderlandlı yarımmüdafiəçi vəziyyəti yaxından izləyir. Əgər gələn mövsümdə də meydanda aldığı dəqiqələr azalmağa davam edərsə, de Yonq karyerasında köklü dəyişiklik etmək barədə düşünəcək. Futbolçu növbəti mövsümün gedişatına uyğun olaraq Kataloniya klubundan ayrılmaq variantını masaya yatırmağa tam hazırdır.
Qeyd edək ki, Frenki de Yonqun "Barselona" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.



