Kanada Qran-prisində "Maklaren" pilotları Lando Norris və Oskar Piastri üçün uğursuz yarış geridə qalıb.
Offsideplus.az xəbər verir ki, buna komandanın startdakı yanlış təkər seçimi səbəb olub.
Mübarizəyə 3-cü və 4-cü sıralardan başlayan pilotlar üçün komanda nəm hava təkərlərini (intermediate) seçsə də, rəqiblərin əksəriyyəti quru hava təkərlərinə (slicks) üstünlük verib. Startdan dərhal sonra yağışın kəsməsi bu qərarın əleyhinə işləyib və pilotlar erkən pit-stop etmək məcburiyyətində qalaraq geriyə düşüblər.
Oskar Piastri yarışdan sonra komandanın qərarını belə şərh edib:
"Bir az da yağış yağsa idi, indi hamının qəhrəmanı idik. Amma yağmadı və axmaq vəziyyətinə düşdük".
Komandanın rəhbəri Andrea Stella isə bu addımı dəstəkləyərək, qərarın nəticəyə görə deyil, həmin an əldə olan hava məlumatlarına əsasən qiymətləndirilməli olduğunu bildirib.


