Konfrans Liqasının final matçı ərəfəsində Almaniyanın Leyptsiq şəhərində İngiltərə və İspaniya klublarının azarkeşləri arasında qarşıdurma baş verib.
Offsideplus.az xəbər verir ki, şəhər polis idarəsinin yaydığı məlumata görə, "Rayo Valyekano" və "Kristal Palas" tərəfdarları mərkəzdə bir-birinə fiziki və şifahi hücumlar ediblər. Təxminən 300 nəfərlik radikal ispan azarkeş qrupunun ingilislərlə davası zamanı butulkalar, pivə stəkanları və kafelərin oturacaqları havada uçub.
Asayişi bərpa etməyə çalışan asayiş keşikçiləri də hücuma məruz qalıb və nəticədə iki polis əməkdaşı yüngül xəsarət alıb. Hüquq-mühafizə orqanları 300-dən çox şəxsin şəxsiyyətini yoxlayaraq onları ərazidən uzaqlaşdırıb.
Qeyd edək ki, final qarşıdurması bu axşam "Red Bull Arena"da baş tutacaq.


