21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı üçün heyətinə yeni oyunçu dəvət edilib. 

Offsideplus.az xəbər verir ki, Belçikanın "Sent-Trüden" klubunun yarımmüdafiəçisi Mustafa Kamara U-21-in düşərgəsinə cəlb olunub. 18 yaşlı sol cinah oyunçusu arxada qalan 2025/2026 mövsümündə Belçika təmsilçisinin U-18 komandasında meydana çıxdığı 19 matçda 2 qol vurmağı bacarıb.

Qeyd edək ki, M. Kamara vaxtilə (2007-2012-ci illərdə) "Qəbələ"nin uğurları üçün tər tökmüş Abdulkader Kamaranın oğludur. Mustafa özü isə 2008-ci il martın 3-də Azərbaycanda dünyaya gəlib.

Yığmamız mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində hazırlıq keçəcək.

U-21 millimiz Türkiyədəki toplanış çərçivəsində iki yoldaşlıq görüşü keçirəcək. Komandamız iyunun 6-da Bəhreyn, iyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət seçmə kollektivləri ilə üz-üzə gələcək.