Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.
Offsideplus.az xəbər verir ki, qitə birinciliyində uğurla çıxış edən Azərbaycan millisi fərdi və komanda hesabında böyük uğura imza atıb.
Çempionatda millimizin 4 üzvü fəxri kürsüyə qalxıb:
60 kq: Elcan Həsənov bütün rəqiblərini, o cümlədən finalda ukraynalı Kiril Naqirnini (4:0) məğlub edərək Avropa çempionu olub.
70 kq: Rəşad Əliyev yalnız finalda gürcüstanlı İoane Sxiladzeyə uduzaraq gümüş medalla kifayətlənib.
80 kq: Bu çəkidə final tamamilə Azərbaycana məxsus olub. Ruslan Vəliyev həlledici görüşdə komanda yoldaşı Elvin Hacıquliyevi (3:0) üstələyərək qızıl medala sahib çıxıb, Elvin isə gümüş medal qazanıb.
Yekunda 2 qızıl və 2 gümüş medal qazanan yığmamız 80 xalla komanda hesabında Avropa çempionu adını qazanıb. Gürcüstan da eyni xalı toplasa da, millimiz medalların əyarına görə qonşu ölkəni qabaqlayaraq 1-ci yeri tutub. Ukrayna isə 64 xalla 3-cü olub.


