Futbolçular beynəlxalq yarışlarda iştirak etmək üçün tez-tez səfərlərə yollanmalı olurlar. Belə məqamlarda uzaq məsafələri təyyarə vasitəsilə qət etmək lazım gəlir. Ancaq təəssüf ki, hava gəmilərinin köməkliyi ilə hamının təyinat nöqtəsinə sağ-salamat çatacağına heç kim zəmanət vermir. İndiyədək dünya futbol tarixi bir çox layiqli nümayədəsini məhz aviaqəzalarda itirib.
Offsideplus.az futbolla bağlı baş vermiş 10 ən dəhşətli təyyarə qəzası barədə yazını təqdim edir.
1) 4 may 1949-cu il. "Torino"
Portuqaliyadan qayıdan "Torino"nun təyyarəsi İtaliyanın Turin şəhərinin yaxınlığında Superqi dağına çırpılır. Hadisə nəticəsində 18 futbolçu həyatını itirir. Ölənlər arasında jurnalistlər, rəsmi şəxslər və ingilis məşqçi Lesli Livsi də var idi. Həmin vaxt "Torino" İtaliyanın ən güclü komandası sayılırdı: ardıcıl 4 çempionluq və 5-ci titulun bir addımlığında...
2) 2 fevral 1958-ci il. "Mançester Yunayted"
Bu, təkcə futbol deyil, idman dünyasını sarsıdan hadisə idi. UEFA Çempionlar Kubokunun 1/4 final mərhələsində "Srvena Zvezda" ilə heç-heçə oynayan "Mançester Yunayted" yarımfinala vəsiqəni təmin etdiyi üçün evə xoşbəxt dönürdü. Lakin Münhen hava limanında təyyarə havaya qalxarkən baş verən qəza arzuları yarımçıq qoydu - 24 ölü... O cümlədən, "qırmızı şeytanlar"ın 8 məşhur futbolçusu, klubun 3 işçisi və 8 jurnalist həyatını itrdi.
3) 3 aprel 1961-ci il. "Qrin Kross"
Söhbət Çili çempionatında yarışan "Qrin Kross" klubundan gedir. Komanda Osorio şəhərindən qayıdarkən, aviaqəzaya düşür. Hadisə nəticəsində 24 nəfər vəfat edib.
4) 26 sentyabr 1969-cu il. "Stronqest"
Vaxtilə Boliviyanın ən məşhur klubu "Stonqest" də aviaqəza qurbanı olub. Komandanı evə aparan təyyarənin And dağlarına çırpılması nəticəsində 19 nəfər - 16 futbolçu, baş məşqçi, menecer və masajçı həyatla vidalaşır. Bu, Boliviya tarixində o vaxt üçün ən böyük təyyarə qəzası idi. Həmin gün ölkədə hərbi çevriliş olmasına baxmayaraq, "Stronqest" faciəsi Boliviyada böyük rezonans yaradıb.
5) 31 dekabr 1970-cu il. "Eyr-Likvid"
Əlcəzairin "Eyr Likvid" komandası heç nədən xəbərsiz İspaniyaya yoldaşlıq görüşü keçirməyə yollanırdı. Ancaq dəhşətli aviaqəza onların mənzil başna çatmasına imkan vermədi. Komanda üzvlərindən heç kim təyyarədən sağ çıxa bilmədi.
6) 11 avqust 1979-cu il. "Paxtakor"
Bu hadisəni Azərbaycanın orta və yaşlı nəsil nümayəndələri yaxşı xatırlayırlar. Ukraynanın Dneproderjinsk (indiki Kamenskoe) şəhəri üzərində 2 təyyarə - Çelyabinsk-Voronej-Kişinyov və Daşkənd-Quryev-Donetsk-Minsk reysini yerinə yetirən Tu-134A təyyarələri 8400 metr hündürlükdə toqquşur. Qəza pilotlar və dispetçerlərin anlaşmazlığı səbəbindən baş verib. Nəticədə hər iki təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri - ümumilikdə 178 nəfər həlak olur. Ölənlərin arasında 17 nəfər Özbəkistanın tarixi "Paxtakor" klubunun futbolçuları idi. Komanda SSRİ çempionatında növbəti oyununu keçirmək üçün Minskə "Dinamo" ilə oyuna uçurdu. Kollekivin 2 üzvü - müdafiəçi Anatoli Moqilniy (qeyri-müəyyən səbəbdən) və masajçı Anatoli Dvornikov (gecikdiyinə görə) səfərə yollanmamışdı. Təyyarənin salonunda 1-cı sırada oturan yarımmüdafiəçi Mixail An isə Minskə uçmalı deyildi, o, həm zədəli, həm də cəzalı idi. Lakin komanda yoldaşları onu səfərə getməyə razı sala bilmişdilər. Baş məşqçi Oleq Bazileviç bundan bir neçə gün öncə Soçiyə, ailəsinə baş çəkməyə getmişdi. O, Minskə Soçidən uçmağı planlaşdırmışdı. Dəhşətli aviaqəzadan sonra "Paxtakor"un heyəti könüllülərdən təşkil olunub. Nəticələrdən asılı olmayaraq, komandanın 3 il ərzində SSRİ çempionatının güclülər dəstəsində yerini qorumasına icazə verilib.
7) 8 dekabr 1987-ci il. "Alyans Lima"
Perunun "Alyans Lima" komandası da tamamilə məhv olan kollektivlərdən biridir. Bu komanda ölkə çempionatının növbəti turundan sonra evə qayıdarkən, aviaqəzaya düşüb. 43 şəxs - oyunçular, klub rəsmiləri və azarkeşlər vəfat ediblər.
8) 7 iyun 1989-cu il. Niderlandlı futbolçular
Amsterdamdan uçan təyyarə Surinamın paytaxtı Paramariboya eniş zamanı qəzaya uğrayıb. Ölənlər arasında Niderlandın surinam əsilli 23 futbolçusu olub. Sırf təsadüf nəticəsində təyyarənin salonunda futbol ulduzları Ruud Qullit və Frank Raykaard olmayıb.
9) 27 aprel 1993-cü il. Zambiya yığması
Zambiya futbolunu çökdürən qəza. Milli komandanın 18 futbolçusu bir gecədə həyatını itirdi. Yığma dünya çempionatının seçmə mərhələsində Seneqalla oyuna yollanırdı. Hadisə Qabon ərazisində dəniz sahillərində baş verib. Həmin vaxt Zambiya yığmasının dünya çempionatının final mərhələsinə çıxması üçün yaxşı şansı var idi.
10) 28 noyabr 2016-cı il. "Şapekoense"
Adi bir gün. Avro RJ-85 təyyarəsi Boliviyanın Santa-Krus-de-la-Syerra şəhərindən Kolumbiyanın Medelin şəhərinə uçur. Təyyarənin salonunda Braziliyanın "Şapekoense" klubu da var. Komanda Cənubi Amerika Kubokunun yarımfinalında "Atletiko Nasyonal"la qarşılaşmaq üçün Kolumbiyaya uçur. Ancaq Medelinə 18 km qalmış pilot təyyarəni La-Union dağına çırpır. Qəza nəticəsində 77 nəfərdən cəmi 6-sı sağ qalır. Hadisədən 5 gün sonra yarış təşkilatçıları ölənlərin xatirəsinə hörmət əlaməti olaraq, baş mükafatı "Şapokeonse"yə bağışlayıblar.