​"Atletiko Madrid" klubu "Sportinq"in kapitanı və danimarkalı yarımmüdafiəçi Morten Yulmandın transferi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi 27 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin şəxsi şərtləri barədə tam razılığa gəlib.  

​Danimarkalı oyunçu Dieqo Simeonenin komandasına qoşulmağa artıq yaşıl işıq yandırıb. İndi isə klublar arasında transferin maliyyə detallarını həll etmək üçün danışıqlar davam edir.

​"Atletiko Madrid"in ilkin 35 milyon avroluq (30 milyon nağd + 5 milyon bonus) təklifi "Sportinq"in prezidenti Frederiko Varandas tərəfindən geri çevrilsə də, İspaniya nəhəngi transferi bitirmək üçün təklifini yeniləməyə hazırlaşır. Portuqaliya klubu kapitanı üçün ən azı 40-50 milyon avro civarında sabit bir məbləğ tələb edir.

Tərəflərin yaxın günlərdə ortaq məxrəcə gələcəyi gözlənilir.