İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın 1/8 finalında Portuqaliyaya qarşı keçiriləcək böyük oyun öncəsi gənc ulduz Lamin Yamala güvəndiyini bildirib.

Offsideplus.az xəbər verir ki, o, 18 yaşlı futbolçu haqqında danışarkən "Lamin bu cür oyunları çox sevir" ifadəsini işlədib.

"Barselona"nın hücumçusu 1/16 finalda Avstriyaya 3:0 hesabı ilə qalib gəldikləri matçda qol vurmasa da, nümayiş etdirdiyi möhtəşəm oyunla diqqətləri üzərinə çəkməyi bacarmışdı.

Kriştianu Ronaldunun kapitanı olduğu Portuqaliya ilə "Dallas Kovboys" stadionunda keçiriləcək matçdan əvvəl danışan De la Fuente Yamalın xarakterini belə təsvir edib:

"O, çox motivasiyalıdır. Bilirəm ki, Lamin belə qarşılaşmalardan zövq alır. Diqqət mərkəzində olmağı, məsuliyyət götürməyi və təşəbbüsü ələ almağı xoşlayır. Bu, çox yaxşı xüsusiyyətdir, o, meydanda aktivdir. Bu cür keyfiyyətlərə sahib bir futbolçunu izləmək həqiqətən böyük zövqdür".