NBA-da yeni mövsümə start verilib və bir sıra Avropalı oyunçular ilk oyunlarda fərqlənməyi bacarıb.
Offsideplus.az xəbər verir ki, "Hyuston Rokets" mövsümün açılış oyununda "Dallas Maveriks" üzərində 128:110 hesablı inamlı qələbə qazanıb. Meydan sahibləri ilk hissədən təşəbbüsü ələ alaraq 37 xallıq fərq yaradıb. Komandanın hücumuna Kevin Durant və Cabari Smit Cünior liderlik edib – hər ikisi 30 xal toplayıb. Türk mərkəz Alperen Şengün isə rəqib boyalı zonada dominant çıxış edərək 23 xal, 10 ribaund və 5 assistlə yadda qalıb. Serbiyalı Bogdan Boqdanoviç ehtiyatdan meydana çıxaraq 5 xal toplayıb, isveçrəli Klint Kapela isə fərqlənə bilməyib. "Dallas Maveriks"də isə fransalı Zakkari Risaşer ehtiyatdan 4 xal toplayıb, ispan Serxio de Larrea isə hesab açmayıb. Komanda bir neçə əsas oyunçusunun zədə səbəbindən iştirakı olmadan oynayıb.
Digər qarşılaşmada "Şarlot Hornets" səfərdə "Bruklin Nets" üzərində 110:103 hesabı ilə qalib gəlib. Alman Dennis Şröder 19, fransalı Musa Diabate isə 17 xal toplayıb. "Bruklin Nets"də isə rusiyalı Eqor Demin start heyətində 4 xal, alman Moritz Vaqner və fransalı Nolan Traore ehtiyatdan müvafiq olaraq 7 və 3 xal toplayıb.
"Portland Treyl Bleyzers" evdə "Feniks Sans"ı 124:83 hesabı ilə darmadağın edib. Belçikalı Toumani Kamara və israilli Deni Avdija hərəyə 18 xal toplayıb, Avdija eyni zamanda 10 ribaundla dubl-dabl edib.
"Vaşinqton Vizards"ın lideri Entoni Deyvis 34 xal və 12 ribaundla komandasını "Miluoki Baks" üzərində 128:116 hesablı qələbəyə daşıyıb. Fransalı Bilal Kulibali 11 xal, Aleks Sar isə 9 ribaund toplayıb. "Baks"da litvalı Kasparas Yakucionis ehtiyatdan 15 xal toplayıb.
"İndiana Peysers" səfərdə "Nyu Orlean Pelikans" üzərində 123:120 hesablı qələbə qazanıb. Xorvat mərkəz İvitsa Zubats 16 xal və 15 ribaundla fərqlənib.
"Atlanta Hoks" isə "Orlando Magic" üzərində 132:125 hesablı qələbə əldə edib. Alman Frants Vaqner 22 xal, həmyerlisi Tristan da Silva isə 14 xal toplayıb.
"Los Anceles Klippers" evdə "Sakramento Kinqs"i 121:96 hesabı ilə məğlub edib. İspaniyalı Baba Miller 4 xal toplayıb.


