Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin Almaniyada şərəfini qoruduğu "Nürnberq"dən getməsi üçün tələb olunan məbləğ açıqlanıb.
Offsideplus.az xəbər verir ki, həmyerlimizin xidmətində maraqlı olan klub 500 min avro xərcləməlidir.
Bu barədə Almaniyanın məşhur gündəlik BILD qəzeti məlumat yayıb.
Emreli bir müddət öncə Cənubi Koreyanın "Seul" klubundan təklif alıb. Lakin görünür, hücumçunun transferi müqabilində "Nürnberq"in tələb etdiyi məbləğ danışıqların uğurla sona çatmasına maneçilik törədib.
Danışıqlar prosesində fəal iştirak edən, hətta bu məqsədlə Cənubi Koreyaya da səfər etdiyi deyilən bildirilən 27 yaşlı futbolçu son vaxtlar "Nürnberq"də şans qazanmır. Baş məşqçi Miroslav Kloze BILD-ə açıqlamasında Mahirin heyətə qayıtmaq imkanının olduğunu bildirib: "Mən Emreli ilə danışdım və onu məşqlərdə heç nədə günahlandıra bilmərəm. Ona dedim ki, hər zaman özünü göstərə bilər. Sadəcə, mən bunu hiss etməliyəm".
"Nürnberq"in idman direktoru Yoti Xatsialeksiu da vəziyyətin sabit olduğunu bildirib: "Mahir əvvəlki kimi, bizim oyunçumuzdur. Komanda ilə birgə məşqlər edir. Həftəsonu meydançaya çıxıb-çıxmayacağına baş məşqçi qərar verəcək".
Xatırladaq ki, Emreli "Nürnberq"ə ötən ilin yayında Zaqreb "Dinamo"sundan keçib. O, yeni klubunun heyətində Almaniyanın 2-ci Bundesliqası və ölkə kubokunda 15 matç keçirib, 4 qol vurub.