Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Amil Həmzəyev “EuroBasket 2029”un ilkin seçmə mərhələsində İrlandiyaya məğlub olduqları oyundan sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, komandanın kapitanı məğlubiyyəti belə izah edib:

“Bir az tez önə düşdük. 15 xal fərqi yaranandan sonra rahatlaşdıq və arxayınlıq oldu. Vesli Van Bekə çox güvəndik, amma alınmadı. Favorit idik. Çətin səfərdən gəlsək də, sona qədər mübarizə apardıq”.

Kapitan heyətdəki çatışmazlıqların da oyuna təsir etdiyini vurğulayıb:

“Saadəttin Donatın olmamağı mövqeləri qarışdırdı. Mən məcburiyyətdən 5 nömrədə oynayıram. Halbuki mənim əsas mövqeyim 4-dür. 5 nömrədə oynamaq çətinlik yaradırdı. Ona görə də üçlüklər buraxdıq və nəticə də belə oldu”.

Amil Həmzəyev Azərbaycan basketbolunda milli komandaya göstərilən münasibətdən də narazılığını ifadə edib:

“Bəhanələrin arxasına sığınmaq istəmirəm. Amma komanda layiq olduğu hörməti görmür. Basketbol üzrə A milli komanda var, ondan sonra gənclər yığmaları gəlir,daha sonra isə 3x3 və s. Layiqli hörmət olmayanda oyunçularda da fərqli ab-hava yaranır. Komandanın yarısı xaricdən gəlir. Mən istəyərdim ki, milli komanda layiq olduğu dəyəri görsün”.