Kanada millisinin kapitanı Alfonso Deyvis Dünya Kubokunun 1/8 final mərhələsində "Mərakeş"ə 3:0 hesabı ilə uduzduqları qarşılaşmada ehtiyatda qalması ilə bağlı real mənzərəni bölüşüb.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu bu qərarı baş məşqçi Cessi Marşın deyil, birbaşa özünün verdiyini etiraf edib.
Cümə günü keçirilən məşqdə ayağında narahatlıq hiss edən Deyvis, turnirdən əvvəl aldığı bud daxili əzələ (hamstrinq) zədəsindən tam sağalmadığını başa düşüb. O, bu növ zədələrin təhlükəli olduğunu və gələcək karyerasını riskə ata bilməyəcəyini vurğulayıb:
"Məşqdə nəsə hiss etdim və hələ tam hazır olmadığımı anladım. Bu, risk edə biləcəyim bir zədə növü deyildi."
"Kanada" millisinin baş məşqçisi Cessi Marş da futbolçunun MRT müayinəsindən keçdiyini və nəticənin təmiz çıxmasına baxmayaraq, Deyvisin özünü tam rahat hiss etmədiyi üçün bu addımı atdıqlarını təsdiqləyib. Bununla da "Kanada"nın cari Dünya Kubokundakı tarixi yürüşü 1/8 finalda "Mərakeş" məğlubiyyəti ilə başa çatıb.


