FIBA Dünya Kubokunun seçmə mərhələsində Litva doğma meydançada Serbiyanı 97:78 hesabı ilə məğlub edərək növbəti mərhələyə ümidlərini qoruyub saxlayıb.
Offsideplus.az xəbər verir ki, oyunun əvvəlindən üstünlüyü ələ alan litvalılar ikinci hissənin ortalarında ilk dəfə hesabda ikirəqəmli fərq yaradıb (30:18). Litva fasiləyə qədər üstünlüyünü artıraraq bir məqamda 18 xallıq fərq əldə edib. Buna baxmayaraq, Serbiya üçüncü hissənin sonuna yaxın fərqi altı xala endirib (64:58), lakin meydan sahibləri rəqibin dönüş cəhdini dəf edərək inamlı qələbə qazanıb.
Qeyd edək ki, Serbiyanın oyunçusu Luka Mitroviç hakimlərin qərarından narazı qaldığı üçün dördüncü hissədə meydandan kənarlaşdırılıb.
Litvanın heyətində Marqiris Normantas 23 xalla ən məhsuldar oyunçu olub. Gitis Radzeviçius 19, İqnas Brazdeykis isə 16 xal toplayıb. Serbiyada isə Alen Smaylaqiç 24 xalla fərqlənib, Lazar Stefanoviç 14, Aleksa Avramoviç isə 11 xal və 7 assistlə yadda qalıb.


