Keçmiş UFC döyüşçüsü və bir vaxtlar Konor Makqreqorun ən yaxın dostlarından biri olan Artyom Lobov aralarındakı münasibətlərin pozulmasının pərdəarxası məqamlarından danışıb.
Offsideplus.az xəbər verir ki, Lobov məhkəmə prosesi zamanı Makqreqorun bağışlanmaz addımlar atdığını bildirib. Onun sözlərinə görə, irlandiyalı döyüşçü əvvəlcə Lobovun valideynlərinin yaşadığı evin sağ qonşusunun avtomobilini yandırıb, daha sonra sol qonşunun maşınına od vurmaq üçün adam göndərib. Növbəti hədəf isə Lobovun valideynlərinin avtomobili olub. Hadisə zamanı anası evdən çıxarkən əlində çəkic olan şəxs ona hədə-qorxu gəlib.
Lobov qeyd edib ki, bu hadisədən sonra nüfuzlu bir şəxsdən zəng alıb və onunla görüşüb. Başlanğıcda gərgin keçən söhbət Lobovun bütün həqiqətləri danışmasından sonra sülh yolu ilə həllini tapıb.
Anasına qarşı edilən bu hərəkətə görə Makqreqoru bağışlaya bilmədiyini deyən keçmiş döyüşçü barışıq üçün şərtlərini də açıqlayıb:
"Makqreqor anamdan səmimi şəkildə üzr istəsə, narkotik və alkoqoldan uzaq duraraq əvvəlki Konora dönsə, barışıq mümkündür. O, məşqçisini və ən yaxın dostlarını da yarıyolda qoyub. Əvvəllər kişi kimi davranan Konor indi yalançı və zərərli vərdişlərdən asılı birinə çevrilib".


