Noni Madueke bu mövsüm Premyer Liqanın ən çox inkişaf edən futbolçularından biridir

Offsideplus.az xəbər verir ki, Madueke 2026/27 mövsümündə açıq oyunda hər 90 dəqiqəyə yaradılan qol imkanlarının sayına görə Premyer Liqada liderdir (2,78).

Onun təhlükəli zonalara 23 dəfə topla daxil olması yalnız "Mançester Siti"nin futbolçusu Ceremi Dokudan geri qalır.

İngiltərəli vinger son 4 matçda 3 qol töhfəsi verib. Bu müddətdə "Nyukasl" və "Borussiya Dortmund"la qarşılaşmalarda xüsusilə yüksək səviyyəli oyun nümayiş etdirib.

Çempionlar Liqasında da göstəricilərini xeyli yaxşılaşdırıb. Madueke bu mövsüm cəmi 271 dəqiqədə 3 qol töhfəsi verib. Halbuki ötən mövsüm eyni göstəriciyə çatmaq üçün 608 dəqiqə meydanda olmalı idi.

Madueke bu mövsüm daha universal vinger təsiri bağışlayır. Ötən mövsüm oyununda bəzən müşahidə olunan axıcılıq çatışmazlığı aradan qalxıb. Driblinqi, qərarverməsi, özünəinamı və ötürmələri yaxşılaşıb. Bununla belə, son hərəkətlərinin effektivliyini artırmaq üçün hələ də inkişaf etməlidir.