Türkiyə millisinin baş məşqçisi Ergin Ataman Avropa basketbolunun gələcəyi və NBA Avropa layihəsi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis İtaliyanın "Gazzetta dello Sport" nəşrinə müsahibəsində NBA və FIBA-nın dəstəklədiyi, tez-tez gündəmə gələn NBA Avropa liqasının reallaşması ilə bağlı suallara toxunub. Ataman bildirib: "Komandalar haradadır? Mançester haradadır? Milan komandası haradadır? Oxudum ki, Milan maraqlıdır... London komandası haradadır? PSG haradadır? İki-üç ay ərzində yüksək səviyyəli komandalar qurmaq asan deyil".

İstanbul təmsilçisi NBA-nın biznes gücünə hörmət etdiyini, lakin layihənin vaxtı və Avropa mədəniyyətinə uyğunluğu barədə şübhələrinin olduğunu vurğulayıb: "NBA dünyada ən ciddi idman şirkətidir, amma NBA Avropa ilə bağlı müsahibələri oxuyanda təəccüblənirəm, çünki Avropa mentalitetini, Amerika ilə fərqini başa düşmürlər. Buna görə müəyyən şübhələrim var, baxmayaraq ki, bizim kimi peşəkarlar üçün bu qədər resurslu bir yarışmanın gəlməsi üstünlük olacaq".

Ataman həmçinin EuroLeague-in 24 kluba qədər genişlənməsi planına toxunub və bunun konfranslara bölünməklə 28 komandaya qədər arta biləcəyini qeyd edib: "Bəlkə də bu, NBA Avropaya qarşı bir strategiyadır, amma qəribə olan odur ki, 24 komandalı EuroLeague, üstəlik NBA Avropadan 16 komanda, EuroCup və Çempionlar Liqası da var. Oyunçular hara gedəcək?"

Baş məşqçi əlavə edib: "Mən yeni EuroLeague-i bəyənirəm. Optimistəm, amma bu, hamı üçün yeni bir vəziyyət olacaq".