Almaniyalı yarımmüdafiəçi Yozua Kimmix "Bavariya"nın oyunçusu Camal Musiala ətrafında yaranan vəziyyətə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Kimmix Musialanın son aylarda yaşadığı sağlamlıq problemlərinə və klubun bu məsələyə yanaşmasına toxunub. O qeyd edib ki, Musiala avqust ayında ardıcıl iki oyunda özünü pis hiss edib və tibbi müdaxiləyə ehtiyac duyub. Futbolçuya nevroloji pozuntu səbəbindən qısa müddətli, asan müalicə olunan absanslar diaqnozu qoyulub və dərmanlarla vəziyyət nəzarətə alınıb.

Kimmix bildirib: "Vəziyyətə müxtəlif tərəfdən baxmaq lazımdır. Klub üçün də bu, asan deyil. Musialanın son iki ildəki inkişafını yaxından izləmişəm. O, Avropa çempionatında komandanı çiyinlərində daşıdı, sonra isə ən parlaq oyunçumuz oldu. Müqaviləsini uzadıb həm klubda, həm də Almaniya millisində 10 nömrəni aldı. Ardınca ilk əzələ zədəsi baş verdi. Öz təcrübəmdən bilirəm ki, belə yaşda müqavilə uzatmaq rahatlıq deyil, əksinə, daha çox məsuliyyət və stimul yaradır. Sonra Musiala xəstəlik və ciddi zədə keçirdi. Son bir il yarımda ardıcıl 4-5 oyunda meydanda olmayıb. Buna görə də hazırda əvvəlki səviyyəsində olmaması müəyyən mənada başadüşüləndir. Klubun narahatlığı da təbiidir, çünki sağlamlıq problemi həqiqətən var. Amma mənim anlamadığım odur ki, bu məsələlər niyə ictimaiyyətə çıxarılır. Belə məsələlərin oyunçunun hesabına həll olunması yolverilməzdir. Klub bizim üzərimizdədir, amma heç vaxt insanın özündən vacib ola bilməz. Bu cür davranış "Bavariya"nın ruhuna uyğun deyil və tamamilə qəbuledilməzdir. Xüsusilə dəfələrlə vurğulamışam ki, bu klub çox özəldir. Baş verənlər mənim üçün tamamilə qəbuledilməzdir".

"Bavariya" rəhbərliyi Musialanın nümayəndələri ilə konstruktiv görüş keçirdiyini və hər iki tərəf üçün oyunçunun sağlamlığının ən vacib məsələ olduğunu bildirib. Tərəflər razılaşıb ki, bu mövzuda ünsiyyət məxfi saxlanılacaq.