İtaliyanın "İnter" klubunun baş məşqçisi Kristian Kivu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Ştutqart"a qarşı keçirilən oyunu (2:0) dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Kivu matçdan sonra bunları bildirib: "Çempionlar Liqasında heç vaxt asan oyun olmur, burada başlanğıcdan sona qədər tam üstünlük göstərmək mümkün deyil. Bütün aspektlərdə yaxşı çıxış etdik. İlk 20 dəqiqədə rəqibin təzyiqinə tab gətirdik. Cərimə meydançamızı onların ötürmələrindən yaxşı qoruduq və özümüz də bir neçə qol vəziyyəti yaratdıq. Bir az daha soyuqqanlı olsaydıq, birinci hissədə hesabı aça bilərdik. Oyunda qaldıq və bunun mükafatını sonradan aldıq".

Məşqçi əlavə edib: "Komandanı bəzən hərəkətə gətirmək üçün motivasiya vermək mənim işimdir. Əsas odur ki, kollektiv bir ruhda oynayaq və hər turnirdə irəliləyişə can ataq. Bu gün düzgün yanaşma nümayiş etdirdik və qələbə tamamilə layiqli oldu".